Xudayar Həsənli: “İlin ikinci yarısında Gürcüstan limanları ilə blokçeyn texnologiyası tətbiq ediləcək”

Xudayar Həsənli: “İlin ikinci yarısında Gürcüstan limanları ilə blokçeyn texnologiyası tətbiq ediləcək”

Bu ilin ikinci yarısından Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, bu, konteynerlərin sayının artmasına da kömək edəcək.

“Orta Dəhlizin inkişafı üçün ilk növbədə infrastruktur imkanlarını təkmilləşdirməliyik. Əgər infrastruktur imkanları yoxdursa o zaman rəqəmsallaşma və aparılan digər təkmilləşdirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Biz Bakı Limanı olaraq öz fəaliyyətimizi genişləndirəcəyik və konteyner daşımalarında imkanlarımızı artıracağıq”, - deyə departament müdiri vurğulayıb.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.