Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib

Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edib.

"Report" AAYDA-ya istinadən xəbər verir ki, 1,3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri icra olunub.