Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Hədəf qrup birincisi kimi növbəti mərhələyə adlamaqdır” - MÜSAHİBƏ

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Hədəf qrup birincisi kimi növbəti mərhələyə adlamaqdır” - MÜSAHİBƏ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində Kosovo ilə Bakıda keçirdiyi oyunda 87:77 hesablı qələbə qazanıb.

İlk turda səfərdə İsveçrəyə uduzan (53:72) Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv uzun illərdən sonra qalibiyyət sevincini Avropa zonası üzrə A qrupunun II turunda yaşayıb.

“Birxeber.Az”un suallarını cavablandıran Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov yığmanın uğurunu dəyərləndirib, qarşıda duran məqsədlərdən danışıb.

- Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qrupun II turunda qazandı. Kosovo ilə matçı necə dəyərləndirərdiniz?
- Səhv etmirəmsə, Azərbaycan yığması 12 illik fasilədən sonra dünya çempionatının seçmə mərhələsinə qatılıb. Açığı, ilk turda İsveçrəyə məğlubiyyət mənim üçün çox üzücü olmuşdu. Çünki komandamızın qələbəsinə inanırdım. Ümid edirəm ki, bunun əvəzini Bakıda çıxarıq. Kosovo ilə görüş də çox maraqlı və gərgin alındı. Sonda basketbolçularımız qalib gəlməyi bacardılar.

- Matçın gedişində başabaş mübarizə olsa da, sona yaxın yığmamız fərqi artırdı və yekunda 87:77 hesablı qələbə qazandı. Son perioddakı üstünlük nə ilə bağlı idi?
- Mənə elə gəlir ki, əsas səbəb oyunçuların yüksək motivasiyası oldu. Artıq geriyə yol yox idi. Çünki bu dəfə də uduzsaydıq, qrupdakı vəziyyətimiz pisləşəcəkdi. İsveçrə ilə səfər qarşılaşmasından sonra uzun yol qət etsək də, komanda toparlanmağı bacardı.

- İsveçrəyə məğlubiyyətin komandaya mənfi təsir etməsindən narahat deyildiniz?
- Heç bir narahatlıq yox idi. Hər birimiz milliyə çox inanırıq. Kollektiv şəkildə qələbəyə köklənmişdik.

- Yığmanın heyətində kimləri fərqləndirmək olar? Məsələn, Dante Hollun çıxışı ürəyinizcə oldu?
- Dante Holldan çox razı qaldım. O, Avropanın ən yaxşı “5 nömrə”lərindən biridir. Kosovo ilə görüşdən əvvəl də xüsusi söhbətlərimiz olmuşdu. İlk dəfə yığmaya qatılmasına baxmayaraq, çox yaxşı təsir bağışladı. 20 xal, 14 ribaundluq performans çox şeydən xəbər verir. Açığı, kimisə fərqləndirmək istəməzdim. Millinin bütün üzvləri əllərindən gələni etdilər. Amma Orxan Hacıyev və Dante Holl möhtəşəm çıxış etdilər. Qələbəmizdə onlar böyük rol oynadılar.

- Kosovo üzərində qələbə gələcək baxımından nə verə bilər?
- Çox şey. Bu matçda uduzsaydıq, komanda psixoloji baxımdan geriləyər, şansı azalardı. Basketbolçuların özlərinə bəlli oldu ki, qrupda istənilən komandaya qalib gəlmək gücündədirlər.

- Bu qələbəyə Azərbaycan Basketbol Liqasındakı gərgin rəqabətin hansı təsiri oldu?
- Çox böyük təsiri oldu. İki il əvvəl Maltaya getmişdik. Həmin vaxt çempionatımız yox idi. Amma indi liqanın səviyyəsinin artması milli üzvlərinə də çox təsir göstərdi. İki il əvvəl hazırkı oyunçulardan bu nəticəni gözləmirdim. Çempionatımızın yaxın gələcəkdə sayılıb-seçilən liqalardan biri olacağına inanıram. Çox sayda menecerlər klublara, federasiyaya məktib yazırlar, basketbolçularını komandalarımıza təklif edirlər. Basketbolçularımızın amerikalılarla bir yerdə çıxış etmələri onların ustalıq səviyyələrini artırmalarına kömək oldu.

- Seçmə mərhələnin növbəti oyunları noyabrda İrlandiya və İsveçrəyə qarşı olacaq. Yığmanın bu turnirdə hədəfi nədir?
- Hər iki görüş bizim üçün vacibdir. Amma İsveçrə üzərində qələbəni daha çox istəyirik. Həm səfərdəki məğlubiyyətin əvəzini çıxmaq, həm də qrup birinciliyi üçün. Qrup birinciləri avtomatik növbəti mərhələyə vəsiqə qazanacaqlar. Eyni zamanda, üç qrup ikinciləri arasında ən yaxşı nəticə göstərən komanda mübarizəni davam etdirəcək. Bizim də əsas hədəfimiz qrup birincisi kimi növbəti mərhələyə adlamaqdır.

- Əsas rəqib kimi İsveçrəni göstərmək olar?
- Biz İsveçrəyə səfərdə də qalib gələ bilərdik. İlk üç periodda rəqiblə başabaş oynadıq, yalnız son hissədə uduzduq. Qrupdakı bütün komandaların gücü bir-birinə yaxındır. Ümumiyyətlə, matçlarda xal qazanmaqla yanaşı, digər önəmli nüanslara da diqqət yetirməliyik. Məsələn, hətta top fərqi də sonda köməyimizə çata bilər.

- Noyabra qədər kifayət qədər vaxt var. Millinin təlim-məşq toplanışları nəzərdə tutulub?
- Əlbəttə. Noyabra qədər hazırlıq keçməsək, bu, rəsmi matçlar zamanı nəticədə özünü göstərər. Yay aylarında və ya sentyabrda təlim-məşq toplanışı, rəsmi oyunlardan əvvəl yoxlama görüşləri olacaq. Toplanışla bağlı müxtəlif variantlar var. Böyük ehtimalla hazırlıq ölkə xaricində təşkil ediləcək. Azərbaycan Basketbol Liqasında əsas heyətə düşə bilməyən yerlilər və ya burada çıxış edən əcnəbilərdən ibarət komanda ilə də yoxlama görüşü keçirə bilərik. Amma nəzərə alaq ki, ölkə çempionatı oktyabrda başlayacaq və yığmanın hazırlaşması üçün qısa vaxtı olacaq. Bu üzdən yayda xaricə gedib, orada sınaq oyunları keçirmək daha yaxşı olar.