Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Yenikənd kənd sakini Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə və əlində olan bağlamaya keçirilən baxış zamanı təmiz çəkisi 5 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Nəsirli narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.