Ermənistan səfirliyi qarşısında “Xocalıya Ədalət” aksiyası keçirilib

Ermənistan səfirliyi qarşısında “Xocalıya Ədalət” aksiyası keçirilib

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” aksiyası keçirilib.

“Birxeber.Az”un ABŞ bürosu xəbər verir ki, Vaşinqtondakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada həmvətənlərimiz əllərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlarla səfirlik binasının önünə gəliblər.

Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.

Aksiya zamanı həmvətənlərimiz yerli ictimaiyyəti Xocalı şəhərinin dinc əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, habelə Azərbaycan əhalisinin Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmasını barəsində məlumatlandırıblar.

Bir necə saat davam edən aksiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən erməni canilərinin fotoları da nümayiş olunub və beynəlxalq təşkilatlardan əsrin ən böyük insanlıq cinayəti olan Xocalıya ədalət tələb olunub.

Nümayişçilər aksiyanın sonunda Ermənistan səfirliyinin qapısına etiraz notası buraxıblar.