Qərbi Azərbaycan Xronikası: “Qəbiristanlığı, dini abidəni dağıtmaq vəhşiliyin bariz nümunəsidir”

Qərbi Azərbaycan Xronikası: “Qəbiristanlığı, dini abidəni dağıtmaq vəhşiliyin bariz nümunəsidir”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Birxeber.Az" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadə olub.

O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb.

Bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni məskunlaşdırılıb. Deputat ötən əsrin ortalarında babasının Qərbi Azərbaycanda əsassız təzyiqlərə, mühakimələrə məruz qaldığını, bu səbəbdən ailəsi ilə birlikdə 1942-ci ildə Gəncə şəhəri ətrafına köçdüyünü söyləyib.

Qeyd edib ki, sonradan Mingəçevir və su elektrik stansiyası tikiləndə atası orada işləyib, digər ailə üzvlərini də bu şəhərdəki işlərə cəlb edib. Beləliklə, Göyçəni tərk edərək Gəncə şəhəri ətrafında məskunlaşan ailə birdəfəlik Mingəçevir şəhərinə köçüb.

Millət vəkili 1957-ci ildə Mingəçevir şəhərində doğulduğunu, uşaqlıq, yeniyetməlik və gənclik illərinin bu yaşayış məntəqəsində keçdiyini dilə gətirib. O dövrdə ata-baba yurdu Zoda qonaq getdiyini diqqətə çatdıran A.Mirzəzadə kəndlə bağlı xatirələrindən də söhbət açıb. Bildirib ki, ailəsində valideynləri övladlarını Qərbi Azərbaycana bağlılıq ruhunda tərbiyə edib, genetik yaddaşın itməsinə imkan verməyiblər. İndiki Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin zaman-zaman mənimsənildiyini, Qərbi Azərbaycandakı soydaşlarımızın müxtəlif təzyiq və təhdidlərə məruz qaldığını xatırladan deputat deyib ki, ulu öndər Heydər Əliyevin 1987-ci ildə vəzifədən kənarlaşdırılmasından sonra erməni millətçiliyi daha kəskin xarakter alıb. Ermənistan rəhbərliyi dövlət səviyyəsində azərbaycanlılara qarşı deportasiya, etnik ayrı-seçkilik siyasəti həyata keçirib, əsassız iddialarla çıxış ediblər. Beynəlxalq güclərin havadarlığına arxalanan ermənilər 1993-cü ilə qədər xalqımıza bir çox faciələr yaşadıblar.

Millət vəkili A.Mirzəzadə Qərbi Azərbaycanda, eləcə də işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus qəbirlərin, dini abidələrin dağıdılmasına da toxunub. Qeyd edib ki, bu, yaramazlığın, vəhşiliyin bariz nümunəsidir. Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, indi ermənilər vaxtilə babalarının törətdikləri yaramazlıqların acı meyvələrini dadırlar. Millət vəkili yeni tarixi dövrdə Qərbi Azərbaycana qayıdış prosesinə start verildiyini, bu istiqamətdə görülən işlərin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini dilə gətirib.

Deyib ki, tarixi torpaqlarımız uğrunda mübarizəmizdə qətiyyətli və prinsipial olmalıyıq. Deputat A.Mirzəzadə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını, sadəcə soydaşlarımızın öz ata-baba yurdunda yaşamaq hüququndan istifadə etmək istədiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.