Kişineuda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Kişineuda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Moldovanın paytaxtı Kişineuda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Birxeber.Az”un Şərqi Avropa Bürosunun məlumatına görə, tədbir Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Moldovanın rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, Moldovada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra iştirakçılara Xocalı soyqırımının sağ qalan şahidinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin ərazisində baş vermiş amansız və acımasız hadisələrdən bəhs edən müsahibəsi nümayiş olunub.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Ermənistanın Azərbaycana silahlı təcavüzü zamanı dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini soyqırımı aktı adlandırıb. Səfir, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsilə bu qanlı hadisələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Leyla xanımın xüsusi rolunu vurğulayıb. Diplomat çıxışı zamanı soyqırımının beynəlxalq aləmdə tanınmasının vacibliyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, İndoneziya, Kolumbiya, Panama, Paraqvay, Honduras, Əfqanıstan, Qvatemala və Cibuti parlamentlərinin Xocalı qətliamını soyqırımı aktı kimi təsdiqləməsini xüsusi vurğulayıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir. O, sayələrində dünyada, o cümlədən Moldovada hər il “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilən Azərbaycan Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın mühüm rolunu xüsusi qeyd edib. Konqres sədri həmçinin erməni işğalından azad edilmiş rayonlarda, o cümlədən Xocalıda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.

Tədbir çərçivəsində Xocalı şəhərində baş vermiş faciəyə həsr olunmuş fotosərgi təşkil olunub.