Kəngərli rayonunda erkən nikahın qarşısı alınıb

Kəngərli rayonunda erkən nikahın qarşısı alınıb

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib.

Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb.