Prezident: Artıq 5 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb, bu il onların sayı 20-yə çatacaq

Prezident: Artıq 5 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb, bu il onların sayı 20-yə çatacaq

O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Birxeber.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı bildirib ki, yüzdən çox köçkün qəsəbəsi salınıb: “Köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq. Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”.