FHN Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

FHN Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 32 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

APA nazirliyə istinadən xəbər verir ki, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, ali təhsil ocağının professor-müəllim heyəti, kursantlar və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Xocalı soyqırımının Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxdığı qeyd olunub və bildirilib ki, erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktı XX əsrin ən böyük cinayətlərindən biridir. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanıb, baş vermiş tarixi faciəyə beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əminlik ifadə olunub.

Tədbirdə Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi qeyd olunub və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, sözügedən qanlı hadisənin soyqırımı kimi tanınması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin titanik fəaliyyətindən bəhs edilib.

Həmçinin, sözügedən dəhşətli cinayət əməli ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü ardıcıl və sistemli işlərdən söz açılıb, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il keçirilən silsilə tədbirlərdən danışılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən danışılıb, ötən il həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə, o cümlədən Xocalıda suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Sonda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.