Alban-Udi Xristian dini icması Hadrutda Xocalı soyqırımını anıb

Alban-Udi Xristian dini icması Hadrutda Xocalı soyqırımını anıb

Bu gün Azərbaycanın Alban-Udi Xristian dini icması Xocalı soyqırımını Hadrutdakı kilsələrdə anıb.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Alban-Udi Xristian dini icmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələrində Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbirləri keçirib, şəhidlərin ruhuna dualar ediblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.