Xocalı soyqırımı qurbanları Sofiya şəhərində anılıb - FOTO

Xocalı soyqırımı qurbanları Sofiya şəhərində anılıb - FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bu qanlı qətliamın qurbanlarını anmaq və həqiqətlər barədə Bolqarıstan ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sofiyanın mərkəzi məscidində Bolqarıstan Baş Müftiliyi ilə birgə anım mərasimi keçirilib.

Tədbirdə iştirak etmiş Bolqarıstanın Baş Müftisi mərasimdə iştirak edən yüzlərlə insan qarşısında söylədiyi xütbədə Xocalı soyqırımı kimi kütləvi qırğınların gələcəkdə təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayıb, Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxuyub. Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiya mərkəzi məscidinin ətrafında Xocalı soyqırımı ilə bağlı müvafiq posterlər yerləşdirilmiş və ehsan süfrəsi açılıb.

Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında işıqlandırılıb. Məqalələrdə bir vaxtlar çiçəklənən və 7000 nəfərlik əhaliyə malik Xocalı şəhərinin erməni işğalçılar tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfərin zorla didərgin salındığı, 1275 nəfərin əsir götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılmışdır. 150 nəfərin, o cümlədən 6 nəfər qadın və 26 nəfər uşağın itkin düşdüyü və aqibətlərinin bu günədək naməlum qaldığı açıqlanıb. Etnik zəmində törədilmiş bu cinayətin Ermənistan tərəfindən həyata keçirilməsinin faktlarla sübuta yetirildiyi qeyd edilib. Beynəlxalq birlik, o cümlədən Bolqarıstan Respublikasının parlamenti tərəfindən Xocalı soyqırımını pisləyən qətnamə və bəyanatların qəbul edildiyi qeyd edilib. Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməklə Azərbaycanın intiqam deyil, ədalətə və gələcəkdə belə halların baş verməməsinə nail olmağı hədəflədiyi bildirilib.