Baydenin yaddaş problemi - ABŞ demokratiyası ilə təhdid edilən təhlükəsizlik - ŞƏRH

Baydenin yaddaş problemi - ABŞ demokratiyası ilə təhdid edilən təhlükəsizlik - ŞƏRH

Gəncliyin, cavanlığın güc, enerji, hərəkət, dinamiklik, təşəbbüskarlıq və başqa üstün xüsusiyyətləri var. Odur ki, “yaş öz işini görür” deyiminin də bir həqiqət payı var.

Böyük adamların səhvi də böyük olar. Xüsusən, onlar dünyanın aparıcı güclərinə başçılıq edəndə yanlışlıqları da diqqəti daha tez cəlb edir.

Bir zamanlar Qərbdə keçmiş Sovet İttifaqı Kommunist Partiyası Baş Katibinin, xüsusən Leonid Brejnevin və Siyasi Büro üzvlərinin yaşlı olmasına lətifələr qoşar, ələ salardılar. Məsələn, 1980-ci il Yay Olimpiya Oyunlarının açılışında Siyasi Büro üzvlərinin tribundakı görüntülərini zarafatla belə şərh edirdilər: yeni idman növü - tabut idmanı meydana gəlib. O vaxt deyirdilər ki, Leonid Brejnevin Siyasi Bürosu ölkəni reanimasiyadan idarə olunan qocalar evinə çevirib. Onların orta yaşı 70-75-i əhatə edirdi. L.Brejnevin hakimiyyətdən gedəndə 76 yaşı, Yuri Andropovun 70, Konstantin Çernenkonun 74, Mixail Qorbaçovun isə 60 yaşı olub.

Sonrakı hadisələr sübut etdi ki, keçmiş sovetlərin yaşlı insanlar tərəfindən idarə edilməsi böhrana gətirib çıxardı. Onların ənənəvi idarəetmə üsulunu cəmiyyət qəbul etmirdi. Mixail Qorbaçovun yeni nəsil nümayəndəsi kimi hakimiyyətə gətirilməsi isə SSRİ-ni uçurumun bir addımlığından qaytara bilmədi. Odur ki, sovet imperiyasının çökməsinin başlıca səbəblərindən biri də “Brejnevin qocalar evi” idi. 1982-ci il sentyabrın 29-da Brejnevin Bakıya səfəri və Azərbaycanla Əfqanıstanı qarışıq salması, sonra "günah məndə deyil" deməsini orta nəsil yaxşı xatırlayır.

Nəzəri cəhətdən gənc və orta nəsil yaşlılarla müqayisədə daha çox təşəbbüskar və enerjili olduqları üçün idarəetmədə onlara üstünlük verilir. O vaxt SSRİ dünyanın aparıcı iki gücündən biri idi. Ancaq idarəetmədə yanlışlıqlar, rəhbərlərin vəzifə başında yaşlaşaraq ölməsi, yeniliyin, dəyişikliyin qəbul edilməməsi, dünyaya inteqrasiyanın qarşısının alınması və s. milyonlarla sovet insanının qanı bahasına yaranan bu möhtəşəm qütbün batması ilə nəticələndi.

İdarəetmə sistemi, quruluşu, iqtisadiyyatı, hərbi qüdrəti, milli valyutası, demokratikliyi və başqa üstünlükləri ilə bugünkü ABŞ ovaxtkı SSRİ-dən dəfələrlə güclüdür. Hazırda dünya az qala onun başçılığı altında birqütblüdür. Düzdür, Çin yeni qütb olaraq ortaya çıxsa da, hələ özünü açıq rəqib kimi göstərə bilmir.

Bununla belə, ABŞ keçmiş sovetlərdən nə qədər güclü olsa da, o da yaşlı dövlət başçısı sindromundan 8 ildir qurtula bilmir. SSRİ dağılandan sonra Rusiyada mərhum Prezident Boris Yeltsin Vladimir Putin kimi cavan, enerjili şəxsi hakimiyyətə gətirməklə ölkəni dağılmaqdan xilas edə bildi. ABŞ-də isə Barak Obama istisna olmaqla, o birilər yaşlı nəslin nümayəndələridir. 2017-ci ildə 77 yaşlı Donald Tramp ştatların 45-ci dövlət başçısı seçildi. Onun hakimiyyətə gəlişi, seçilməsi və prezidentlik müddətini başa vurması qalmaqallarla yadda qaldı. Məlum oldu ki, onun heç normal komandası da yox imiş. Rusiyanın ABŞ-də keçirilən prezident seçkisinə müdaxiləsi də onun dövrünün yadigarıdır.

D.Tramp dünya siyasətində daha çox qalmaqallarla yadda qalıb. Xüsusən, Avropa İttifaqından olan müttəfiqləri onun prezidentlik müddətinin daha tez başa çatmasını istəyirdi. Məsələn, Donald Tramp Almaniyada hərbçilərin sayını azaltmaq konsepsiyasını irəli sürdü. O bildirirdi ki, Rusiya ilə ticarət edənlərin təhlükəsizliyini niyə ABŞ təmin etməlidir? Ehtimal edilirdi ki, onun yerini daha gənc prezident tutacaq. Ancaq 46-cı prezident ondan da yaşlı oldu. Belə ki, 2021-ci il seçkilərində Cozef Bayden 79 yaşında bu posta seçildi.

Hər iki prezident keçmiş sovet liderlərinin lağ edilən yaşından da qocadır.

Seçildiyi vaxtdan Cozef Bayden tez-tez səhvlər edir. Bəziləri iddia edir ki, o, demensdan (yaddaşın itməsi) əziyyət çəkir. Bu yaxınlarda Çin Xalq Respublikasının sədri Si Szinpindən bəhs edərkən onu Rusiyanın dövlət başçısı kimi təqdim edib. Yaxud Rusiya müxalifətinin həbsxanada ölmüş lideri Aleksey Navalnının dul xanımı Yuliyanın adını səhvən “Yolanda” adlandırmışdı.

Qeyd edək ki, Donald Tramp da ovaxtkı tviter səhifəsində həyat yoldaşı Melaninin adını səhv yazmışdı.

Heç şübhəsiz, hər kəs səhv edə bilər və heç kim bundan sığortalanmayıb. Ancaq nüvə silahına malik bir dövlətin başçısının səhvi dünya üçün baha başa gələ bilər.

Xatırladaq ki, Cozef Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Cons Hopkins Universitetinin professoru Marti Makari onda yaşla əlaqədar demans əlamətlərinin özünü göstərdiyini, yaxşılaşmağa ümid olmadığını bildirib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson isə prezidentin yaddaş probleminin ABŞ-nin təhlükəsizliyinə problem yaradacağını əminliklə deyib.

ABŞ da dünyanın nüvə silahına malik dövlətlərindən biridir. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib ki, Cozef Baydenin yaddaşındakı problem nüvə müharibəsi riskini artırır.

Bütün hallarda hər kəsin bir sayılı ömrü var. Heç kəs bu bəlli sayı aşa bilmir. Kimin necə yaşlanacağı da məlum deyil. Necə deyərlər, kimin əvvəli, kiminin axırı...

Bu hikmətləri xatırlatmaqda məqsədimiz Cozef Bydenin, yaxud prezidentlik iddiasında olan Donald Trampın yaşına hörmətsizlik etmək deyil. Dünyanın taleyində ABŞ-nin oynadığı rol danılmazdır. Odur ki, Baydenin bu vəziyyətindən başqaları ABŞ-ni təxribata çəkmək üçün istifadə edə bilərmi?! Nüvə atəşi açılsa, kim onun qarşısını alacaq? 1962-ci il oktyabrın 16-28-də baş vermiş Karib böhranı tarixdən məlumdur.

ABŞ-də demokratik mühitdən istifadə edənlər, yenidən milyardlara sahib olmaq istəyənlər bəlkə də bu acı gerçəkliyi elə də nəzərə almırlar. Düymə bir dəfə basılır. Bayden də, Tramp da yenidən prezident olmaq istəyirlər. Bu ölkədə prezidentlik bu qədər mənasız vəzifədir?! Odur ki, ştatların "prezident şousu"na dünyanın təhlükəsizliyini qurban vermək məsuliyyətini ABŞ seçiciləri və demokratiyası daşıyır.