Emin Əmrullayev: Xocalı məktəbində görülən işlər bitmək üzrədir

Emin Əmrullayev: Xocalı məktəbində görülən işlər bitmək üzrədir

Xocalı məktəbində görülən işlər bitmək üzrədir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq", - nazir qeyd edib.

Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq: "Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tutulur. Təbii ki, köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir. Antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərimizdə də müvafiq işlər aparılır. Oradakı tədris müəssisələrinin uçotu aparılıb. Orada müxtəlif vəziyyətdə olan binalar var. O cümlədən də Xankəndi şəhərindəki məktəblər Azərbaycan təhsil sisteminin standartlarına uyğunlaşdırılaraq istifadəyə veriləcək. Əhali oraya köçdükcə məktəblərin fəaliyyəti bərpa ediləcək".