Qarnınızdakı bu ağrı xərçəngin ilk əlaməti ola bilər - MÜTLƏQ OXUYUN!

Publika.az / Xroniki qastrit mədənin selikli qişasının xroniki iltihabı olub, vaxtaşırı kəskinləşmələrlə müşaiyət olunan xəstəlikdir. Nəinki mədənin, hətta bütün həzm traktının ən geniş yayılmış və ən çox rast gəlinən xəstəliyi hesab edilir. Statistik məlumatlara görə, bütün dünya əhalisinin təxminən yarıdan çoxunda xroniki qastrit var. Bu xəstalik ən çox cavan və orta yaşlı şəxslər, xüsusilə də kişilərdə inkişaf edir.

Xroniki qastrit uzun illər ərzində davam edə bilir. Xəstəlik bəzən sakitləşsə də, əsasən də yaz və payız aylarında kəskinləşə bilər. Bir çox insanların fikirləşdiyi kimi, heç də “zərərsiz” xəstəlik deyil. Xroniki qastritin təhlükəliliyi ondan ibarətdir ki, o daha ağır və ciddi mədə xəstəlikləri olan mədə xorası, mədə polipləri və mədə şişlərinin inkişaf etməsi üçün mənbə ola bilir.

Son vaxtlar gənclər arasında mədə xəstəlikləri, xüsusilə xroniki qastrit geniş yayıldığını deyən, Səhiyyə Nazirliyinin baş qastroenteroloqu, professor Əlihüseyn Hidayətov onun çox ciddi problem olduğunu bildirib.

Baş qastroenteroloqun sözlərinə görə, xroniki qastritin bir sıra formaları, məsələn, xroniki atrofik qastrit mədə xərçənginin inkişafının ilkin mərhələsidir:

“Xroniki qastritin əmələ gəlmə səbəbinin 70-80 faizi Helicobacter pylori infeksiyasıdır. Ölkə əhalisi, o cümlədən gənclər arasında həmin infeksiya geniş yayılıb, hətta bəzi bölgələrdə onun yayılma dərəcəsi təxminən 60-80 faizə çatır. Xroniki qastritin əmələ gəlməsinin digər səbəblərindən autoimmun proseslər, xroniki stress və toksiki təsirləri misal göstərmək olar. Gənclər arasında xroniki qastritin yayılmasına təsir edən amillər sırasında şirin qazlı içkiləri və küçələrdə satılan keyfiyyətsiz qida məhsullarını qeyd etmək olar”.

Xroniki qastritin etiologiyası haqda danışan professor bunun lokalizə olunduğu areal və baş verən morfoloji dəyişikliklərdən asılı olaraq bir neçə növə ayırd edildiyini bildirib:

“Bunlar kəskin və xronik infeksiya mənşəli, qeyri-infeksion mənşəli, antral qastrit, fundal qastrit, atrofik, qeyri atrofik qastrit və başqalarıdır. Xəstəliyin diaqnozu endoskopik müayinədə mədə selikli qişasından götürülmüş hissəciyin morfoloji müayinəsi nəticəsində qoyulur.

Adətən, xəstələr qızardılmış, qovrulmuş, ədviyyatlı qidalar və alkoqollu içkilərdən istifadə etdikdən sonra ağrı, köp, ürəkbulanması və qusmadan şikayət edirlər. İlk dövrdə həmin narahatlıqlar pəhriz saxlayanda və spazm əleyhinə dərmanlar qəbul edəndə aradan qalxır. Bir müddət sonra xəstəliyin əlamətləri təkrarlanır və uzun müddət davam edir. Qeyd etmək lazımdır ki, şikayətlərin heç biri xroniki qastrit üçün spesifik deyil. Bu və oxşar simptomlara qarın boşluğu orqanlarının digər patologiyalarında da rast gəlinir. Ona görə qarın boşluğunun üst nahiyəsində narahatlıq yarananda mütləq həkimə müraciət etmək və endoskopik müayinədən keçmək lazımdır”.

Ə.Hidayətov onu da vurğulayıb ki, xroniki qastritin müalicəsi xəstəliyin səbəbi, yerləşdiyi nahiyə, qastritin növü və s.-dən asılıdır: “Adətən, müalicə məqsədilə xəstələrə pəhriz, qastroprotektor və Helicobacter pylori əleyhinə dərmanlar təyin edilir”.

Rəylər

Bağla(X)